ETİKA KODEKSİ

Əziz Həmkərlar!

Müasirləşən dünyada bir müəssisənin ciddi bir şəkildə irəli inkişafı onun özünə inamlı, cavan və güclü elmi potensiala malik peşəkar işçi heyəti, o cümlədən, doğru struktur, koordinasiya və prinsipləşmiş standardlar üzərində qurulur. Bütün bunlara nail olmaq üçün müəssisədə korporativ mədəniyyətə, ədalətə, doğru və peşəkar iş sisteminə, eyni zamanda sağlam iş kollektivinə sahib olmaq əsasdır.

Bunun üçün ilkin olaraq, müəssisənin etik prinsipləri müəyyənləşdirilməli və bu etik prinsiplər üzərində fəaliyyt göstərilməlidir. Hazırladığımız bu Standardlar ``SUNLAB LABORATORİYASININ ETİKA KODEKSİ`` adlanır.  Bu kitabçada qeyd olunan standardlar beynəlxalq iş prinsipləri üzərində iş mədəniyyəti və iş etikasını özündə ehtiva edir. Eyni zamanda bu kodeks əxlaqi dəyərləri, işdə iş prinsipləri ilə vəhdət təşkil edən mənəvi dəyərləri formalaşdırır və struktur üzrə üst səviyyə idarəetmə personalları tərəfindən alınacaq qərarlara bələdçi rolunda çıxış edir.

Həmçinin bu kodeksin əsas məqsədi müəssisə və personalların, işçilərə, müştərilərə, tərəfdaşlara və eyni zamanda rəqiblərə münasibətdə etik davranış və ünsiyyət çərçivəsini müəyyənləşdirir.

 

 

Bizim Missiya

Laboratoriya olaraq missiyamız müştərilərimizə beynəlxalq keyfiyyət standardları üzərində qurulmuş doğru, dəqiq və eyni zamanda yenilikçi xidmət göstərməkdir. Müəssisəmiz daxilində formalaşan güclü dəyərlər sistemi və işgüzar prinsiplərə əsaslanan məsuliyyətli fəaliyyətimiz bizim növbəti on ildə lider laboratoriya mövqeyi qazanmağına əsas verir. Müştərilərimizə göstərilən xidmətin keyfiyyətinin güncəl olaraq inkişaf etdirilməsi və həssas, dəqiq analizlərin aparılması və beynəlxalq standardlar çərçivəsində problemlərin ortadan qaldırılması əsas missiyalarımızdan hesab olunur.

 

Bizim Vizyonumuz

Tibb sənayesində baş verən yenilikləri nəzərə alaraq, insanların müayinə və diaqnostik laboratoriya ehtiyaclarının tam avtomatlaşdırılmış sistemlər vasitəsilə qarşılamaq bizim ümdə vizyonumuz hesab olunur. Vizyonumuzun əsasını ölkə üzrə beynəlxalq akkreditasiya mərkəzləri və laboratoriya ilə sıx əməkdaşlıq çərçivəsində yenilikçi xidmətlər göstərmək, beynəlxalq protokollara əsasən xətasız laborator analiz nəticələri vermək və ən sürətli analiz  nəticəsi verən laboratoriya liderliyi mövqeyini qorumaqdır.

 

Dəyərlərimiz:

  • Sıfır Xəta ilə çalışmaq
  • Ən qısa zamanda ən uyğun qiymətlə ən keyfiyyətli nəticə
  • Şəffaf və sürətli idarəetmə
  • Müştəri məmnuniyyəti
  • Peşəkar və təcrübəli komanda
  • Dəyişən standardların tətbiqi

 

ETİKA KODEKSİNİN ƏSAS MÜDDƏALARI

1.1 ƏMƏKDAŞLARA MÜNASİBƏT

SUNLAB Laboratoriyası uğurlarının əsas fundamental özəyini və uğurun başlıca faktorunu professional və çevik əməkdaşlar üzərində olduğunu təsdiq edir. Laboratoriya olaraq məqsədimiz eyni zamanda səriştəli və professional əməkdaşlarla çalışmaq, və onların inkişafı və təcrübəli mütəxəssis olması üçün rahat, uyğun və modern iş mühiti formalaşdırmaqdır.

      1. SUNLAB Laboratoriyası Beynəlxalq Əmək Təşkilatının, Birləşmiş Millətlər Təşkilatının Əmək Konvensiyasının və İnsan Hüquqları təşkilatlarının beynəlxalq qanunvericiliklərinə uyğun prinsiplər əsasında çalışır, insan hüquqlarını və ləyaqətini dəstəkləyir.
      2. SUNLAB Laboratoriyasında məcburi əmək, uşaq əməyi və köləlik qəbul olunmur və bir mənalı olaraq istifadəsi qadağandır.
      3. Müəssisə əməkdaşların din, dil, cins, etnik və irq mənsubiyyətinə həssaslıqla, hörmətlə yanaşır və bu mövzularda ədalətsizliyin, ayrı-seçkiliyin yaranmasını yol verilməz olaraq qəbul edir.
      4. Bütün personallarla ədalətli davranılmalı, onlar üçün fərdi bacarıqları, vəzifələri və iş nəticələrindən asılı olmayaraq hörmət olunacaqları iş sferası yaradılmalıdır.
      5. Bütün əməkdaşlar mövqeyindən,  qohumluluq dərəcəsindən asılı olmayaraq yalnız peşəkarlığına əsasən qiymətləndirilməlidir.
      6. Laboratoriya işçilərin sağlamlığını ümdə hesab edərək, təhlükəsiz, təmiz, steril, rahat, müasir avadanlıqlarla təchiz olunmuş rahat iş şəraiti və mühiti formalaşdırır.
      7. Müəssisə əməkdaşlarının elmi-praktiki bacarıqlarının artırılması, iş təcrübəsinin təkmilləşdirilməsi istiqamətində xüsusi təlimlər, seminarlar, toplantılar və kurslar, proqramlar təşkil edir və bu istiqamətdə xüsusi strategiyalar hazırlayır.
      8. İş mühitində qeyri-etik davranışlar, müştərilərə, işçilərə qarşı müxtəlif mövzularda təzyiq, təhqir, personallar arasında şit, bayağı zarafatlar, uca səslə, qışqırıqla danışıqlar və bu kimi hallar qətiyyətlə yolverilməzdir.

 

1.2 ƏMƏKDAŞLARIN ÖHDƏLİK VƏ HÜQUQLARI

Əməkdaşlar müvafiq struktur bölmələri üzrə öhdəlik, vəzifə hüquqlarına əsasən aşağıda qeyd olunmuş müddəaları əsas alaraq çalışmalıdır.

 1.2.1 Əməkdaşlar laboratoriyanın maraqlarından çıxış etməli, müəssisənin strategiyasını, prinsiplərini, siyasətini üstün tutmalı, bu mövqedən çıxış edərək müştərilərə, tərəfdaşlara yaxınlaşmalı və bu kontektsdə qərarlar almalıdır.

1.2.2 İş əsnasında, iş mühitində,kollektivdə  düzgünlük, ədalətlilik, səmimilik, hörmət və məsuliyyət prinsiplərinə diqqətlə yanaşılmalıdır.

1.2.3 Rəhbər vəzifədə çalışanlar tərəfindən verilən müvafiq tapşırıqlar vaxtında və keyfiyyətlə yerinə yetirilməlidir

1.2.4 Laboratoriyanın daxili nizam intizam qaydalarına diqqətlə riayət olunmalıdır.

1.2.5 Laboratoriyanın nüfuzu diqqətə alınmalı, nüfuza xələl gətirəcək fəaliyyətlərdən qaçınılmalıdır.

1.2.6 Laboratoriya daxilində uniforma geyim standardlarına diqqət edilməli, personallar üçün təyin edilmiş xüsusi kimlik kartlarından istifadə edilməli və boyundan asılmalı, saç, saqqal və baxım kriteriyalarına diqqətlə yanaşılmalıdır.

1.2.7 Hər bir personala təhkim olunmuş cihaz və avadanlıqlara həssas yanaşılmalı, qorunmalı və baxım kriteriyalarına əməl edilməlidir.

 

1.3 TƏRƏFDAŞLARLA MÜNASİBƏT

SUNLAB Laboratoriyası tərəfdaşları, təchizatçıları və əməkdaşlıq etdiyi müəssisələrlə uzunmüddətli, xoş işgüzar münasibətlərə istiqamətlənmiş və bu doğrultuda fəaliyyət göstərməkdədir. Laboratoriya tərəfdaşlarına qarşı aşağıdakı öhdəlikləri əsas alır.

1.3.1 Tərəfdaşlara qarşı doğru, qərəzsiz, vicdanlı və bərabər münasibət formalaşdırmaq və onlara qarşı hörmət prinsipləri əsasında davranmaq

1.3.2 Tərəfdaşlara qarşı müqavilə və hüquqi çərçivədə öhdəlikləri yerinə yetirmək, məsuliyyətli olmaq və qarşılıqlı tələbkarlığı təmin etmək.

1.3.3 Tərəfdaşların maliyyə vəziyyətinin qorunmasına və sağlamlaşdırılmasına diqqətlə yanaşmaq.

1.3.4 Professional, standardlar əsasında hüquqi əməkdaşlıqlar, uzunmüddətli tərəfdaşlıqlar qurmaq və buna səy göstərmək

1.3.5 Tərəfdaşlarla aparılan fəaliyyət üzərində formalaşan statistik,maliyyə və hüquqi məlumatlar gizli saxlanılmalı, paylaşılmamalı və eyni zamanda obyektiv qəbul edilməlidir.

1.3.6 Tərəfdaşların bütün informasiyaları qorunur və onların məxfiliyini təmin edirik. Yalnız qanunvericiliyin tələblərinə uyğun olaraq xüsusi mühafizə orqanları tərəfindən tələb olunduqda məlumatlar xüsusi və qapalı şəkildə təqdim olunur.

1.3.7 Fəaliyyət əsnasında  müştərilərə, tərəfdaşlara, biznes fəaliyyəti üzrə tərəflərə  rüşvət təklif edilməməli və eyni zamanda alınmamalıdır.

1.3.8 Tərəfdaşlarla hüquqi anlaşmalar və fəaliyyətlərdə hər zaman laboratoriyanın maraqları qorunmaqdadır.

1.3.9  Laboratoriya rəqiblərlə müxtəlif qanunsuz qiymət anlaşmaları, bazar payının bölüşdürülməsi proseslərini həyata keçirmir.

 

1.4 MÜŞTƏRİLƏRLƏ MÜNASİBƏT

Bizim əsas hədəfimiz, məqsədimiz müştərilərimizin əsas ehtiyacı olan analizlərin həssaslıqla aparılması, doğru nəticələrin verilməsi və müştəri məmnuniyyətinin formalaşmasıdır. Bu kontektsdə bizim uğurumuzun təməli müştəri məmnuniyyətinin formalaşmasıdır. Müştərilərə qarşı əsas məqsədlər aşağıdakıdır.

1.4.1 ``Müştəri hər zaman haqlıdır `` prinsipi ilə çalışılmalı, müştərilərə peşəkar və keyfiyyətli xidmət göstərmək

1.4.2 Müştərilərə  ədalətli davranmaq və qərəzsiz münasibət sərgiləmək

1.4.3 Müştərilərin bütün informasiyaları qorunur və onların məxfiliyini təmin edirik. Yalnız qanunvericiliyin tələblərinə uyğun olaraq xüsusi mühafizə orqanları tərəfindən tələb olunduqda məlumatlar xüsusi və qapalı şəkildə təqdim olunur.

1.4.4 Müştərilər qarşısında öhdəlikləri zamanında yerinə yetirmək

 

1.5 CƏMİYYƏT QARŞISINDA ÖHDƏLİK

Laboratoriya xalqımızın milli, mənəvi, dini, tarixi dəyərlərinə hörmətlər yanaşır və respublika ərazisində qoyulan bütün qanunları əsas alır, ölkənin bütün maraqlarını qoruyur.

1.5.1 Qəbul olunmuş bütün qanunvericiliklər, konstitusiya, beynəlxalq normalar və eləcə də, Respublika Prezidenti tərəfindən alınmış qərarlar fəaliyyətimiz üçün əsas hesab olunur.

1.5.2 Laboratoriya  ölkə üzrə işsizliyin qarşısının alınmasına təkan verir.

1.5.3 Laboratoriya aztəminatlı, və xüsusi imtiyazı olan insanları ( şəhid ailələri, məcburi köçkünlər, xüsusi əlilliyi olanlar)  mənəvi olaraq dəstəkləyir və müəyyən güzəştlər tətbiq edir.

 

1.6 MARAQLARIN MÜNAQİŞƏSİ

Aşağıdakı neqativ halların rəhbərlik və kollektivdə maraqların münaqişəsinə səbəb olacağını nəzərə alaraq bu hallardan qaçınılmalıdır.

1.6.1 Vəzifədən sui istifadə etmək qəti qadağandır.

1.6.2 Laboratoriyanın avadanlıqları, mülkiyyəti, maddi və fiziki resurslarından öz maraqları üçün istifadə qəti qadağandır.

1.6.3 İşçilərin rəqiblərlə müəyyən sövdələşmələrə girməsi, çalışması qəbul olunmazdır.

1.6.4 Rəqib müəssisələrdə səhm və ya maliyyə maraqlarına sahib olmaq yol verilməzdir.

1.6.5 Laboratoriya üzrə müxtəlif məlumatların və müştərilərin şəxsi bilgilərinin, konfedensial informasiyaların yayılması və ötürülməsi qəti şəkildə qadağandır

1.6.6 Rəqiblərdən, tərəfdaşlardan, müxtəlif maddi və fiziki hədiyyələrin, rüşvətin qəbul edən əməkdaşlar cinayət məsuliyyəti daşıyırlar.

1.6.7 Laboratoriyanın nizam-intizam qaydalarını pozmaq, verilən əmr və tapşırıqları yerinə yetirməmək xüsusi töhmət və cərimələrlə tənzimlənir.

1.6.8 Azərbaycan Respublikası Əmək Məcəlləsinin maddə və qanunlarını pozmaq yolverilməz hesab olunur.

1.6.9 Hər hansı bir formada siyasi fəaliyyətlə məşğul olmaq qəti qadağandır.

 

1.7 KODEKSİN TƏTBİQİ MEXANİZMİ

Bu kodeksin tətbiqi laboratoriyanın bütün əməkdaşları üçün məcburi hesab olunur və vəzifədən asılı olmayaraq hamıya şamil edilir. Kodeksin müddəalarını pozan şəxslərə aşağıdakı inzibati tədbirlər görülür.

1.7.1 Kodeksin maddələrini pozan şəxsə 1-ci dəfə şifahi xəbərdarlıq edilsin.

1.7.2 İkinci dəfə olduğu təqdirdə yazılı töhmət verilsin və maaşından müəyyən məbləğ olaraq cərimə tutulsun.

1.7.3 Üçüncü dəfə işdən azad olunsun.

 

Etika Kodeksini oxudum, imzamla təsdiq edirəm.